NAFTAVITA

SAĞLAMLIQ VƏ İSTİRAHƏTİNİZİ

BİZƏ ETİBAR EDİN

+994 010 301 00 46
Reservation
Neft haqqında
Blog Image

Neft haqqında

Neft haqqında: Naftalan müalicəvi məqsədlər üçün istifadə olunan, dünyada analoqu olmayan və məhz Azərbaycanda, yalnız Naftalanda çıxarılan unikal neft növüdür. Həkimlər uzun illərdir ki, onu bir çox xəstəliklərin uğurla müalicəsi üçün təyin edirlər. Naftalan nefti 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilir, onların arasında: dayaq-hərəkət, sümük- əzələ, sinir sistemi, dəri, ginekoloji, uroloji və digər xəstəliklər də var. Naftalanın unikal müalicəvi xüsusiyyətləri sayəsində iltihab prosesləri həll olunur, ağrılar azalır, qan dövranı və mübadilə prosesləri normallaşır. Naftalan nefti əslində, yanmağa məruz qalmayan qətranlı, parafinsiz neftdir, tərkibində benzin və ya kerosin şəklində fraksiyalar yoxdur. Onun əsas fəaliyyətdə olan maddəsi naften karbohidrogenləridir ki, bu da ağrıkəsici, iltihab əleyhinə və anti-allergik xüsusiyyətlərə malikdir. Bundan başqa, neftin tərkibində aromatik karbohidrogenlərlə yanaşı, qətran da var, karbohidrogenlərin tərkibi isə insan hormonlarının (androgen və ekstrogenlər, həmçinin kortikos-teroidlər) dəstinə çox oxşardır. Naftalan nefti spesifik qoxusu olan qara-qonur, təbii və qatqısız mayedir. Naftalan neftinin kimyəvi tərkibi: 1. Naften - 50-55% 2. Aromatik birləşmələr - 10-15% 3. Qətranlar - 14-15% 4. Naften turşuları - 0,5-3% 5. Kükürdlü birləşmələr - 0,3-0,7% 6. Azotlu birləşmələr - 0,3% 7. Mikroelementlər (mis, sink, manqan, bor, yod, brom və s.) Burada yerləşən hotel və müalicə mərkəzləri Naftalan vannalarında nativ neftdən istifadə etməklə müalicəni təmin edirlər. Bəzi tibbi prosedurlarda təmizlənmiş naftalanda istifadə olunur. Təmizlənmiş naftalandan alınan dərmanlar müxtəlif növ xarici və daxili müalicədə tətbiq olunur. Məsələn, ekzema, psoriaz kimi xəstəliklərdə naftalan əsasında hazırlanmış kremlərdən istifadə olunur. Naftalan nefti təkcə müalicəvi vannalar şəklində deyil, həm də tamponlar şəklində, diş ətinin, boğazın və burunun selikli qişalarının yağlanmasında, həmçinin daxili iltihabı azaltmaq üçün uroloji və ginekoloji xəstəliklərdə tətbiq olunur. Naftalanla müalicənin müddəti minimal 7 gün, maksimal 21 gün arası dəyişir. Müalicə müddəti ərzində pasiyentlər tibbi mütəxəssislərin və həkimlərin nəzarəti ilə mütləq fasilələrlə 4-12 vanna qəbul edirlər. Naftalan vannaları 380 C temperaturda təyin edilir, bir vanna qəbulunun orta müddəti 8-10 dəqiqədir. Bu neft dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində çox faydalıdır. Bunun üçün pasiyentlərə göstərişdən asılı olaraq naftalan vannaları təyin edilir: ümumi, oturaq və ya kamera. Bir sıra hallarda sollyuks lampası ilə qızdırılan Naftalan yağlamaları həyata keçirilir. Naftalan ilə müalicə revmatoid artrit və poliartrit (podaqra, brusellyoz, posttravmatik), deformasiya edən osteoartroz, osteoxondroz, onurğanın spondilozu və tendofasitlərdə kəskinləşmə mərhələsi olmadıqda aparılır. Ürək, böyrək çatışmazlığında, onkoloji və bir sıra digər ciddi xəstəliklərdə məsləhət görülmür. Naftalan nefti dəri xəstəlikləri üçün əvəzolunmazdır. Psoriaz xəstələrində naftalan psorik lövhələrin təzahürlərini əhəmiyyətli dərəcədə azaldır. Terapiyanın birinci kursundan sonra xəstələrdə səpgi və qızartılar azalır və müalicədən sonra bir ay ərzində psorik lövhələrin əksəriyyəti solğunlaşır. Prosedurlar zamanı ilıq neft dərinin məsamələrini genişləndirir, yağ dəriyə sovrularaq qan dövranına daxil olur. Ən çox tətbiq olunan baxım prosedurlar brom vannaları, balneoterapiya, masaj, parafin və fizioterapiyadır. 5 yaşından yuxarı olan uşaqlara əks göstəriş olmadığı təqdirdə naftalanla müalicə təyin edilə bilir. Onların fizioterapiyası və vanna qəbulu müddəti böyüklərdən fərqlidir. Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartı layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış və “Naftalan nefti və ondan alınan məhsullar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə olunaraq ilk dəfə Naftalan neftinə dövlət standartı alınmışdır. NAFTALAN NEFTİNDƏN HAZIRLANAN MƏHSULLARNaftalan nefti dünyada unikallığı ilə seçilən, müalicəvi xüsusiyyətlərə malik nadir təbii sərvətdir. Onun əsasında müxtəlif tibbi və kosmetik məhsullar istehsal olunur. Məhsullar həm Azərbaycanda, həm də beynəlxalq miqyasda geniş maraq doğurur. Naftalan neftinin əsas məhsulları və istifadəsi: 1. Farmaseptik preparatlar (Tibbi maz və kremlər) Naftalan nefti əsasında məlhəmlər, gellər və digər dərman vasitələri istehsal edilir. Onlar xüsusilə də əzələ-skelet sistemi və dəri xəstəliklərinin müalicəsində effektlidir. Əldə edilən bu mazlar, oynaq ağrıları, dəri xəstəlikləri (psoriaz, ekzema) və revmatizm kimi problemlərin müalicəsində istifadə olunur. Bu məhsullar iltihabəleyhinə, ağrıkəsici və antiseptik xüsusiyyətlərə malikdir. 2. Kosmetik vasitələr Naftalan nefti əsaslı şampun, sabun, losyon və maskalar hazırlanır. Dərinin nəmləndirilməsi, saçların sağlam görünüşə qovuşması və qocalma əlamətlərinin qarşısının alınmasında onlar çox faydalıdır. Həmçinin, vitamin və bioəlavələrlə zəngin olan Naftavit məhsulu da kosmetologiyada istifadə edilir. Məhsulun tərkibində Naftalan neftinin yumuşaq fraksiyaları var. Dəridəki piqment ləkələri aradan qaldırır, yüngül qırışları hamarlaşdırır, liftinq effekti verir və dərinin regenerasiyasına müsbət təsir göstərir. Təbiiliyi və yüksək bioloji aktivliyi sayəsində Naftalan məhsulları dərman preparatlarına alternativ olaraq qəbul edilir. Kimyəvi tərkibində kanserogen maddələr olmadığı üçün təhlükəsiz hesab olunur. Naftavita.az- Müəllif: Tamara Həsənova